• 125 sual=25? sual

    125 sual=25? sual

    Pedaqoqları həmişə düşündürən məsələlərdən ən əsası fənlərarası inteqrasiyanın tədrisidir. Bu gün fənlərarası inteqrasiya prosesi diferensasiya prosesindən daha sürətlidir. Əlbəttə ki, bu da elmə, təhsilə daha çox fayda verən amillərdəndir. Onun üçün bu məqaləmizdə Azərbaycan dili vasitəsi ilə digər fənlərin mənimsənilməsinin və qiymətləndirilməsinin mümkünlüyünü sübut etməyə çalışacaq, tam yeni formada testlərin həlli yollarını və mahiyyətini izah edəcəyik. Düzdür, istər Azərbaycan Respublikası Təhsil Nazirliyinin, istər TQDK-nın keçirdiyi test imtahanlarında, istərsə də müstəqil ekspertlərin test nümunələrində fənlərarası inteqrasiyaya xidmət edən testlərə ara-sıra rast gəlirik. Lakin rast gəldiyimiz bu cür testlərdə, adətən, qohum fənlərin inteqrasiyası üstünlük təşkil edir. Belə ki, Azərbaycan dili ilə ədəbiyyat, riyaziyyatla fizika, tarixlə coğrafiya, kimya ilə biologiya bir-birlərinə inteqrasiyaya daha çox meyilli olduğu üçün, adətən, çalışmalarda bunların vəhdətinə şərait yaradılır. Lakin bizim aşağıda təqdim etdiyimiz test nümunələrində bütün fənlərin Azərbaycan dili fənni ilə inteqrasiyasını görəcəksiniz. Bu cür testlərin əsas üstünlüklərindən biri də istedadlı şagirdlərin üzə çıxarılmasıdır.

    1. Müxtəlif fənlərə aid verilmiş hansı düzgün fikirdə iştirak bağlayıcısı var?
    A) 7,(69)-5,(03)+4,(3) misalının da cavabı səkkizdir.
    B) “They” də artikllardan biridir.
    C) Həm Qədim misirlilər, həm də mannalılar heroqliflərdən istifadə ediblər.
    D) M.Füzuli də divanında heca vəznli şeirdən istifadə etmişdir.
    E) Qoşmalar quruluşca sadə və mürəkkəb olur.

    2. Verilmiş hansı yanlış fikirdə III növ təyini söz birləşməsi işlənmişdir?
    A) Düzbucaqlı üçbucağın hipotenuzunun uzunluğunun kvadratı katetlərinin uzunluqlarının kvadratları cəminə bərabərdir.
    B) “Ang” cerund, indiki zaman feli sifəti və feli bağlaması düzəldir.
    C) Bədii ədəbiyyat həyatı əks etdirmə üsullarına görə üç yerə bölünür.
    D) I növ təyini söz birləşməsinin tərəfləri ayrılıqda müstəqil cümlə üzvü ola bilər.
    E) Qaraqoyunlular dövlətinin yaradıcısı Uzun Həsəndir.

    Gördüyünüz bu test nümunələrinə indiyə kimi heç yerdə rast gəlinmir. Tam yeni formada olan bir testdir. Ilkin olaraq qeyd etməliyik ki, 1 nömrəli test “Hədəf kursları”nın III qruplar üçün 5-ci MQT-də (Mövzu Qiymətləndirmə testlərində) eksperiment kimi şagirdlərə təqdim edilmişdir. Bu eksperimentdə müxtəlif bölgələrdən olan şagirdlər iştirak etmiş və ən əsası testi cavablandırmayan şagird olmamışdır. Testi cavablandıranlardan isə 70%-i düzgün cavab vermiş, testin çox maraqlı olduğunu qeyd etmişdir. Şagirdlərin narazılığı yeganə olaraq onda idi iki, onlara ayrılan vaxtda bir suala təxminən 1 dəqiqə düşdüyü halda, bu testin həlli üçün daha çox, 3-4 dəqiqə vaxt sərf etməlidirlər.
    Test üçüncü qrupa hazırlaşan şagirdlərə ünvanlandığı üçün Riyaziyyat, tarix, ingilis dili, ədəbiyyat və Azərbaycan dili fənləri inteqrativ şəkildə təqdim olunmuşdur. Məqsəd şagirdin bir fənnin üzərində digər fənləri də necə öyrənməsini müəyyənləşdirməkdir. Sualın şərti “hansı düzgün fikirdə iştirak bağlayıcısı var?” sualıdır. Şagird suala cavab tapmaq üçün ilk olaraq, iştirak bağlayıcılarını yada salmalıdır. Bağlayıcını müəyyənləşdirdikdən sonra distraktrlardan hansının düzgün olduğunu tapmalıdır. Elə maraqlı məqam da burasıdır. A bəndində verilmiş misalı həll edərkən misalın cavabının 8 yox, yeddi olduğunu müəyyənləşdirir və fikrin ümumilikdə səhv olduğu qənaətinə gəlir. Halbuki bu bənddə “da” bağlayıcısı işlənmişdir. Buna baxmayaraq, cavab A deyil.
    B variantı ingilis dili fənninə aiddir. Ingilis dili fənninə bələd olan şagird “they”-in artikl yox, əvəzlik olduğunu bilməli, “də” bağlayıcısının iştirakına baxmayaraq cavabı səhv qəbul etməlidir.
    D variantı isə III ixtisas qrupuna hazırlaşan şagirdə doğma olan ədəbiyyat fənni üzərində qurulub. M.Füzulinin heca vəznində şeir yazmadığını şagirdlərin əksəriyyəti bilir. Bunun üçün bu fikri də səhv qəbul edib, cavabdan yayınmalıdır.
    E variantı isə daha asandır, çünki cümləyə baxan kimi bu cümlədə iştirak bağlayıcısının olmadığını müəyyənləşdirir, “və” bağlayıcı olsa da, növünə görə birləşdirmə bağlayıcısıdır. Fikrin doğru və ya yanlış olmasından asılı olmayaraq, bu bənddən yan keçir.
    Tarix fənnini özündə əks etdirən C variantı düzgün bənddir. Çünki həm cümlədəki fikir düzdür, həm də bu cümlədə “həm” iştirak bağlayıcısı işlənmişdir. Deməli, cavab C-dir.
    Bu cür testlərlə şagirdlərin müxtəlif fənlərə aid biliklərini də müəyyənləşdirmək mümkündür. Ilk öncə qiymətləndirilməsi çətin görünən nümunə testə aşağıdakı kimi qiymətləndirmə tətbiq etmək olar: şərti olaraq 9 ballıq sistemi götürək. Əgər şagird A variantını qeyd edirsə, misalın çətinliyini nəzərə alaraq 6 bal vermək olar. Çünki şagird bağlayıcını tapıb, amma misalı həll edə bilməyib. 6 balın verilməsinin səbəblərindən biri də odur ki, şagirddən soruşulan birinci sual bağlayıcını müəyyənləşdirməkdir. Və şagird də bağlayıcını müəyyənləşdirib. Amma riyayziyyata və tarixə aid biliyi isə 0 balla müəyyənləşir. Çünki riyaziyyatı mənimsəsə idi, bu cavabı yazmazdı, tarixi mənimsəsə idi, C variantını yazardı. Ingilis dilinə 6, ədəbiyyat fənninə isə 3 bal vermək olar. Çünki şagird bu fikirlərin səhv olduğunu bildiyi üçün onları qeyd etməyib. O ki qaldı niyə ingilis dilinə 6, ədəbiyyata 3? Bunun cavabı olaraq deyə bilərik ki, bu test III ixtisas qrupuna hazırlaşan şagirdlərə ünvünlanıb. Həmin ixtisas qrupunda isə riyaziyyat və ədəbiyyat əsas fənlər sırasına daxil deyil. Onların çəki əmsalı tarix, ingilis dili və Azərbaycan dilindən aşağı olduğu üçün biz də qiymətləndirmədə bu qaydanı əsas götürdük.
    Əgər şagird B variantını yazıbsa, ona Azərbaycan dilində 6 bal verməliyik. Çünki ingilis dilinə aid olan bu fikir çox sadədir. Ingilis dilini oxuyan əksər şagirdlər artiklları tanıyır. Əgər “they”-in artıkl olub-olmadığını şagird müəyyənləşdirə bilmirsə, deməli, ingilis dilinə aid bilikləri çox zəifdir. Məhz 6 bal verilməsi isə onun Azərbaycan dilinə aid olan biliyidir. Ingilis dilinə aid biliyi isə 0 baldır. Yerdə qalan digər fənlərdən riyaziyyata 3, tarixə 0, ədəbiyyata 3 bal vermək olar. Çünki bu testdən məlum olur ki, şagird Azərbaycan dilini mənimsədiyi halda, tarix fənnini mənimsəməyib. Əgər mənimsəsə idi, C variantını yazardı. Ədəbiyyatla, riyaziyyatı qismən mənimsədiyini nəzərə alıb 3 balla müəyyənləşdirir.
    C variantını qeyd edən şagird Azərbaycan dili, tarix, ingilis dilindən ən yüksək balı-9 balı, riyaziyyat və ədəbiyyatdan 6 bal almalıdır, çünki şagird digər fənlərə bələd olduğu üçün, bəzi bəndlərdə bağlayıcı olduğu halda belə cavab kimi qəbul etməyib. Deməli, şagird tarixi də, ingilis dilini də, riyaziyyatı da, ədəbiyyatı da, Azərbaycan dilini də eyni səviyyədə bilir.
    D variantını yazan şagird isə ədəbiyyat və tarixdən 0, Azərbaycan dili və İngilis dilindən 6, riyaziyyatdan isə 3 bal vermək olar.
    E variantını qeyd edən şagirdə isə Azərbaycan dili və tarix fənnindən 0, ingilis dilindən 6, riyaziyyat və ədəbiyyatdan 3 bal vermək olar. Sual oluna bilər ki, axı bu test fənlərdən yalnız beşini özündə əks etdirir, bəs digər fənlər necə olacaq? Cavab belə olar: heç bir imtahan sistemində fənlərin hamısına eyni münasibət bəslənilmir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi mərkəzləşdirlimiş imtahanlarda Azərbaycan dili və riyaziyyat fənninə 25, tarix və ingilisi dilinə 15, yerdə qalan digər fənlərə isə 10 sual qoyulur. Bu prinsipi əldə əsas tutaraq biz belə bir təklif edirik ki, 25 sualı hamısı Azərbaycan dili üzərində qurulsun, digər fənlərdən əsas hesab edilənlər (tarix, ingilis dili, riyaziyyat) 15, digərləri isə 10 sualda əks edilsin.
    Gördüyünüz kimi, dünya testologiya tarixində analoqu olmayan bu test modelinin qiymətləndirilməsi də mümkündür. Və bu qiymətləndirməni ilkin qiymətləndirmə kimi qəbul edərək deməliyik ki, şübhəsiz, müəllim və mütəxəssislərlə müzakirə edib daha mükəmməl qiymətləndirmənin ortalığa çıxması mümkündür. Mükəmməl bir qiymətləndirmə forması olandan sonra bu cür modellərlə, atalar demişkən, bir güllə ilə bir neçə quş vurmaq olar. Şagirdi daha çox düşünməyə vadar edən bu cür testlərin şagird intellektinin inkişafına çox yaxşı təsir edəcəyi, bizcə, şübhəsizdir.
    Bəlkə də müəllimlərin əksəriyyəti bu məsələyə səthi yanaşacaq, gərəksiz bir şey kimi üstündən keçəcək və ya durduğumuz yerdə başımızı niyə ağrıdırıq deyərək həlli çətin olan bir problem kimi yanaşacaq. Fikrimizcə, bunların hamısı təbiidir. Həmişə irəli sürülən ideyalar, layihələr tutarlı olmur. Ola bilsin ki, bizim də müzakirənizə verdiyimiz bu test modeli fikir kimi kağızda qaldı. Amma mütəxəssislərin fikirləri, münasibəti bizi çox maraqlandırır və verəcəyi təkliflərlə bu ideyanı daha da mükəmməlləşdirə bilər və dünyaya da təqdim edərik.

    Şəmil Sadiq

    Yazını paylaş...FacebookTwitterGoogle+
    Şərh yazın →

Şərh yaz

Ləğv et
Yazını paylaş...FacebookTwitterGoogle+