• Milli tarix və taleyimizin bədii-fəlsəfi təcəssümü

    Elçin Mehrəliyev

    filologiya üzrə fəlsəfə doktoru

    Yazıçı, şair, publisist, alim Şəmil Sadiqin (Şəmil Kamil oğlu Sadiqovun) imzası elmi-ədəbi içtimaiyyətə yaxşı tanışdır. Xüsusən son illərdə çap etdirdiyi əsərlər bir sıra məqamları ilə geniş oxucu kütlələri arasında diskussiyaya səbəb olub.

    Şəmil Sadiq xalq qəhrəmanı Babəkin adını daşıyan Babək rayonunda dünyaya göz açıb. İlk yaradıcılıq nümunələrini Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil aldığı illərdə qələmə alıb. Əmək fəaliyyətinə lisey müəllimliyindən başlayan Şəmil Sadıqov pedoqoji təhsil quruculuğunun fəal iştirakçılarından biri olmaqla yanaşı, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasını bitirmiş, “Hüseyn Cavid  yaradıcılığında qəhrəmanlıq konsepsiyası”  mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Hal-hazırda Hədəf Kursları MMC-nin həmtəsisçisi, Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavinidir. Çoxsaylı elmi və metodik, bədii və publisistik kitabların müəllifidir. O cümlədən: “Qəlbin fəryadı”, “Bu türk daha o türk deyil” şeir kitablarının, “OdƏrlər” romanının müəllifi, “Ümidlərin izi ilə” romanının həmmüəllifidir. “Qana qan qarışdı” kitabında lirik, publisistik və dram əsərləri yer almışdır. “Dədə Qorqud” dastanının motivləri əsasında yazdığı “Qana qan qarışdı” pyesi C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında səhnəyə qoyulmuşdur. Türk yazarı Suat Turqutun “Qorxunu öldürən qəhrəman: İbad” adlı sənədli cizgi romanını Azərbaycancaya uyğunlaşdırmış və nəşr etdirmişdir. Bir sözlə, Şəmil Sadiq çoxşaxəli yaradıcılıq diapozonuna  malik, məhsuldar qələm sahibidir. Bu yazıda isə onun yalnız nəsr yaradıcılığından bəhs edilir.

    Hələ Sovet hakimiyyəti dağılmazdan əvvəl – Qarabağ münaqişəsinin başlanması və 20 Yanvar qırğınının törədilməsi ilə “sosrealizm” tələblərinin Azərbaycanda dəfn edildiyini bəyan edən ədəbiyyatımız bir neçə il çaşqınlıq və durğunluq dövrünü yaşamalı oldu. Bunun bir səbəbi mürəkkəb, ziddiyyətli hadisə və proseslərin bədii dərki çətinliyi, qanlı qarşıdurmaların cəmiyyətə gətirdiyi xaos, gərginlik idisə, digər səbəbi ağır sınaq zamanında öz içimizdə baş qaldıran siyasi ehtirasların, vəzifə, tayfa, klan maraqlarının milli birliyə vurduğu zərbələrin doğurduğu mənəvi sarsıntılar, yaradıcılıq ovqatının təəssüflər içində müşahidə mövqeyi ilə əvəzlənməsi idi.

    Lakin istər cəmiyyətdə,  istərsə də dünyada  baş verən rəngarəng hadisələr ədəbiyyat üçün zəngin material vermiş,  sosial-siyasi, ictimai-mənəvi həyatdakı dəyişikliklərin mövzuya çevrilməsini zərurətə çevirmişdi, demokratiya ab-havası xalqın yeni mühitlə bağlı fikir və duyğularının ifadəsi üçün geniş imkanlar açırdı.

    Beləliklə, ədəbi proses dövrün diqtəsi ilə, cəmiyyətin ümumi inkişaf tempinə paralel olaraq dirçəlməyə başladı, yetmiş il ömür sürmüş totalitar sovet rejiminin siyasi kələklərinin mahiyyətini açmaq, yasaq edilmiş mövzu-problemlərə qayıtmaq, tarixi dostla düşməni ayırd etmək, milli özünüdərkə, türkçülüyə, istiqlala çağırış ruhlu əsərlər yaratmaq meyli gücləndi. Dünya ədəbiyyatı təcrübəsini öyrənməyə xüsusi həvəs göstərən, köhnəni təkrar etməməyə, öz dəsti-xətti ilə fərqlənməyə çalışan yeni ədəbi nəslin bədii istehsalının, hətta “boz axınların” bu ədəbi axara qoşulması ilə proses daha da canlandı. İndi onun nəhrində mövzu-problem, ideya-məzmun, ədəbi cərəyan, üslub baxımından bir-birindən fərqli, mühüm ictimai-siyasi, mənəvi-əxlaqi problemlərin bədii həlli yollarını arayan – “ciddi ədəbiyyat” anlamı altında dərk edilən yaradıcılıq nümunələrindən tutmuş “oxucu qazanmaq” məqsədilə daha çox açıq-saçıq təsvirlərə, başqatdı əhvalatçılığa üstünlük verən – “şou ədəbiyyatı” anlamında dərk olunan kitablaradək zəngin  “təsərrüfat məhsulu” yer tutur.  Ədəbi nəhrin onlardan hansıları gələcəyə daşıyıb, hansıları yarıyolda sahillərə atacağını isə zaman göstərəcək. Amma belə hesab edirik ki, milli ədəbiyyatımızın inkişaf tendensiyasında özünü doğruldan danılmaz fakt – Vətən və xalq taleyi ilə bağlı ideyaları (milli yaddaş, milli birlik, milli-mənəvi dəyərlərə hörmət və s.) önə çəkən, bədii-estetik çalarları ilə seçilən sənət örnəklərinin həmişəyaşarlığı gerçəkliyi bu barədə də indidən müəyyən qənaətə gəlməyə imkan verir.

    ***

    Çağdaş “ciddi ədəbiyyatın” istedadlı və ümidverən yazarlarından biri də Şəmil Sadiqdir. Onun elə bir əsərinə rast gəlməzsən ki, onda vətəndaş narahatlığı, yanğısı hiss olunmasın. Yazıçını türk xalqlarının taleyi ilə bağlı tarixi həqiqətlər, Azərbaycanın itirilmiş torpaqları, dünyada gedən qlobal hadisə və proseslərin verə biləcəyi nəticələr, milli-mənəvi keyfiyyətlər və dəyişən dəyərlər və s. kimi olduqca ciddi, taleəhəmiyyətli problemlər düşündürüb məşğul edir.  “OdƏrlər” tarixi-fəlsəfi romanı (Bakı, Hədəf Nəşrləri, 2013), Müşfiq Fərziyevlə həmmüəllifi olduğu “Ümidlərin izi ilə” kriminal-dedektiv romanı (Bakı, Hədəf Nəşrləri, 2012), mənəvi eybəcərlikləri ifşa edən hekayələri, əsasən pedaqoji sahənin problemləri ilə bağlı publisist yazıları ədəbiyyata xalqın özünüifadə və özünütəsdiq forması kimi baxdığını göstərir.

    Şəmil Sadiqin nəsr yaradıcılığı müasir dövrümüz üçün aktual problemlər qaldırmaq və həmin problemlərin bədii təhlilini geniş zaman müstəvisində apararaq həlli yollarını xalqın tarixi taleyi və mənəvi- əxlaqi həyat təcrübəsi ilə bağlılıq kontekstində aramaq, bu yöndə bədii-fəlsəfi görüşlərini oxucularla bölüşmək, onları diskussiyaya çağırmaq xüsusiyyətləri ilə səciyyəvidir. Buna müvafiq olaraq əsərlərinin qəhrəmanları da xalq içərisindən çıxmış, dövrün ziddiyyət və təbəddülatlarını hiss edən, sevinc və kədərini yaşayan müasirlərimizdir. Hətta onun qəhrəmanları bəzən tarixi səciyyədə meydana çıxmış olsa belə (“Qana qan qarışdı”nın qəhrəmanları kimi), xalqın mənəvi indisinə bağlı, bugünlə keçmiş arasındakı əlaqələri çözməklə həqiqətin ortaya şıxarılmasına imkan verən,  oxucunu həyatın ibrət dərsləri üzərində düşünməyə dəvət edən qəhrəmanlardır. Başqa sözlə desək, zaman və reallıq, səbəb-nəticə, təsadüf-zərurət məntiqi Şəmil Sadiq nəsrinin mövzu-problemi, obrazları kimi, ideya-məzmun istiqamətini də müəyyənləşdirən başlıca kompasdır, onun  qəhrəmanlarının əhval-ruhiyyəsi, istək və arzuları cəmiyyətdəki əhval-ruhiyyənin, xalqın istək və arzularının əks sədası, ifadəsidir.

    Şəmil Sadiqin bədii-fəlsəfi görüşlərinin və ədəbi mövqeyinin üç  böyük mütəfəkkir sənətkarın irsindən – Cəlil Məmmədquluzadə tənqidi realizmindən, Hüseyn Cavid romantizmindən və milli ədəbiyyatımıza SafAğ elmini gətirmiş İsa Hüseynov konsepsiyasından  maya tutduğu aydın görünür. Eyni zamanda, biz onu eksperimental yaradıcılıq təşəbbüsləri göstərən, modern və postmodern təfəkkür işığında həqiqətlə xəyalı birləşdirən, epik-romantik üslubda öz sözünü deməyə, öz mövqeyini təsdiq etməyə çalışan bir qələm adamı kimi görürük. Şəmil Sadiq  nəsrininmüxtəlif ədəbi meyl və istiqamətləri özündə sintez təsiri bağışlaması bu səbəblərlə izah edilməlidir. Məsələn, biz “OdƏrlər”də qəhrəmanlığın tərənnümü zamanı romantika ilə realizmin, məntiqlə emosiyanın, türkün ən gizlin  və çağdaş tarixindən bəhs edərkən tarixi-fəlsəfi biliklər üzərində köklənmiş analitik təfəkkürlə fantastik ideya və düşüncələrin, “Ümidlərin izi ilə” romanında kriminal-dedektiv üslubla sərt tənqidi realist üslubun heyrətamiz vəhdətini görürük.İstər “Ümidlərin izi ilə” romanı (“Hər ümidsizlikdə bir ümid, hər qaranlıqda bir işıq yaşayır” (H.Cavid), istərsə də “OdƏrlər” romanı üçün (“Ölüm var ki, həyat qədər dəyərli…” (H.Cavid) epiqrafların seçilməsi, müəllif təhkiyəsində, əsas surətlərin və personajların dialoqlarında yeri gəldikcə C.Məmmədquluzadə, H.Cavid, İ.Hüseynov baxışlarına istinad edilməsi də sadəcə həmin əsərlərin bədii qayəsindən xəbər vermir, həm də ədəbi varislik, bağlılıq, əlaqə məsələlərinə güzgü tutur. Hesab edirik ki, bütün bunları Şəmil Sadiq yaradıcılığı üçün təsadüfi, yaxud ötəri hal kimi dəyərləndirmək düzgün olmaz. Şəmil Sadiq həmin sənətkarların ədəbi irsinə həm bir oxucu, həm də yeni meyar və tələblərlə yanaşan bir  tədqiqatçı kimi dönə-dönə müraciət etmiş ( bax: Sadiqov Ş. “H.C. yaradıcılığında qəhrəman konsepsiyası”. Bakı: Hədəf Nəşrləri, 2012; “H.C. yaradıcılığında sənətkarlıq məsələləri”. Bakı: Şirvannəşr, 2005; “İsa Muğanna: ölümdən sonrakı həyat”. Bakı: Hədəf Nəşrləri, 2014 və s.), müxtəlif ədəbi cərəyanlara mənsub söz sərkərdələrinin ideya baxışları arasında paralel müqayisələr aparmış, çağdaş ədəbi cərəyanların  nəzəri mahiyyətinə varmışdır. Heç şübhəsiz ki, istər adları çəkilən sənətkarların, istərsə də yeni ədəbi istiqamətləri təmsil edən avanqardların xalq, Vətən taleyi məsələlərinə bədii münasibətində kəsişən, üst-üstə düşən məqamlar (milli kökə bağlılıq, bəşəri sevgi, ictimai mühitin saflaşdırılması, dini fanatizmə və çürük təriqətlərə qarşı çıxmaq, tarixi keçmişdə müasirlik motivləri axtarmaq və s.) Şəmil Sadiq ruhuna, təbinə təsirsiz ötüşməmişdir. Yazıçı  mövqeyi aydınlığının, ictimai idealın böyüklüyünün nəticəsidir ki,  forma-struktur axtarışlarında yaradıcı sərbəstliyindən bol-bol istifadə etsə də, ideya, qəhrəman axtarışlarında diqqəti yenə də ən mühümə – xalq taleyi ilə bağlı tərəflərə yönəldə bilir, bu səbəbdən yaradıcılığındakı  paralellikdə bir üsul digərinə qarşı çevrilmir, onu zəiflətmir, əksinə, həyatı və insanları daha qabarıq, daha təsirli göstərməyə, hətta keçmişin dərinliklərinə işıq salmağa və hadisələri qabaqlayıb olacaqlardan xəbər verməyə kömək edir.

    Yazıçının yaradıcılığındakı C.Məmmədquluzadə ruhu hekayələrində daha qabarıq hiss olunur. Bu yalnız üslub, təhkiyə tərzi ilə deyil, eyni zamanda müraciət edilən problemdən daha çox onu doğuran səbəbi üzə çıxarmaq və islah etmək niyyətində özünü göstərir. Yazıçının yaradıcılıq konsepsiyasına görə problemin səbəbi aşkarlanmırsa, bədii həlli yolunun axtarışı faydasızdır. Məsələn, “Haqqın oğrusu”nda bir qarınlıq çörək üçün oğurluq, “Zərf”də müəllimə rüşvət təklifi, “Professor rəqəm istəyir”də şişirtmə qiymət tələbi, “İngilis iti”ndə azərbaycanlı mühəndisin işsizlik ucbatından əcnəbi şirkət rəhbərinin itinə baxmaq təklifini qəbul etməsi hadisələri insan və sosial mühit kontekstində şərh olunur, “Dil”də Azərbaycanda yaşayan əcnəbilərin yerli xalqın dilini öyrənməyə maraq göstərməməsinin səbəbi, “Yeyək döyək, yoxsa döyək yeyək”də qonağı yuxarı başa keçirib, yeməyin ən dadlısını ona vermək – qonaqpərvərliyimiz milli mentalitet, “Ögey doğma”da doğuş evində səhv düşüb azərbaycanlı südü əmdiyi üçün erməni qadınının öz uşağını boğub öldürməsi, “Fərqimiz budur”da erməni uşağındakı türkə nifrətin səbəbləri isə erməni xislətində axtarılır.

    ***

    Qeyd etməliyik ki, Qarabağın azadlığı uğrunda mübarizə mövzusu, bir çox yazıçılarımız kimi, Şəmil Sadiq yaradıcılığında da xüsusi yer tutur (“Ümidlərin izi ilə”, “OdƏrlər” romanları, “Ögey doğma”, “Fərqimiz budur”, “Sən türk kişisisən” və s hekayələri). Bu da təbii bir hal, prosesdir:mütərəqqi ədəbiyyat ağır sınaq illərində xalq həyatına daha sıx bağlı olub, müharibə canilərini lənətləyib, onlara qarşı mübarizəyə səsləyib. İndi Azərbaycan nəsrinin başlıca mövzu-problemi, bədii təhlil predmeti də dinc xalqın müdafiəsi, Vətən torpaqlarının qorunması, işğal edilmiş ərazilərin azad edilməsi, əsir, qaçqın, köçkünlərin doğma yurdlarına qaytarılması kimi həyativacib məsələlərlə əlaqəlidir. Şəmil Sadiqin əsərləri də Qarabağ savaşı olaylarını təsvir etmək, müharibə faciələrini konkret insan talelərində, xarakterlərində əks etdirmək, yaxın və uzaq  keçmişə ekskurs etməklə alt qatda qalan həqiqətləri oxucuya çatdırmaq, vətən torpaqları uğrunda mübarizəyə ruhlandırmaq cəhətləri ilə diqqəti cəlb edir.

    İstər “Ümidlərin izi ilə” istərsə də “OdƏrlər” romanı tarixi faktlar, şahid xatirələri, MTN-nin arxiv materialları əsasında yazılıb. Bununla belə əhvalatlar, obrazlar yazıçının canlı həyat müşahidələrindən və təxəyyülündən boy verib,  hətta yazıçının etirafına görə qəhrəmanlar onun yaxından tanıdığı dostlarının prototipidir. Yazıçı öz məqsədinə nail olmaq üçün cəbhə bölgəsini qarış-qarış gəzib-öyrənmiş, ustad yazıçı İsa Muğannanın SafAğ elmindən və dəyərli məsləhətlərindən faydalanmış, zəngin kitabxana materiallarından, coğrafiyaşünas, tarixçi, dilçi, hərbçi dostlarının köməyindən istifadə etmişdir. Hər iki əsərdə obrazlar daha çox psixoloji planda təqdim edilir,  onların daxili aləminə, fikir və hisslərinin vəhdətinə xüsusi diqqət yetirilir, həqiqətlə yalanı üz-üzə qoymaqla əsas zərbə haqsızları ittihama yönəldilir.

    Yazıçının həmmüəllifi olduğu “Ümidlərin izi ilə” romanında əsas sujet xətti  tələbəlik illərindən bir-birini sevən iki gəncin – Aytəkinlə Ramilin Xocalı faciəsi nəticəsində bir-birindən ayrı düşməsi, nakam məhəbbətləri üzərində qurulur. Əsərdə cərəyan edən hadisələr əsir düşərək Fransaya qədər aparılan Aytəkinin başına gətirilən  müsibətlər və Aytəkindən ayrı düşdüyü uzun müddətdə artıq bir tarixçi-alim kimi tanınan, ailə qurub övlad tərbiyə edən, amma Vətən ağrılarına mübtəla, Aytəkini unuda bilməyən, “ümidlərinin izinə düşüb” onu axtarıb-tapmağa çalışan Ramilin keçirdiyi mənəvi iztirablar fonunda inkişaf etdirilir. İstər baş, istərsə də köməkçi obrazların vasitəsilə azadlıq uğrunda mübarizədə qalib çıxsa da təcavüzə məruz qalan bir xalqın, xüsusən də doğmaları əsir düşmüş, şəhid olmuş, şikəstliyin, qaçqınlığın sərt sınaq və çətinliklərinin ağırlığını çiynində daşıyan təbəqənin mənəvi dünyasına nüfuz edilir. Romanda  əsirlik, qaçqınlıq, didərginlik faciəsi yalnız yurd, torpaq ikisi kimi deyil, geniş ictimai-psixoloji, mənəvi-ruhi fəsadları ilə insan qəlbində təlatüm və sarsıntı doğuran qlobal problem kimi dərk edilir, bu dalandan çıxış yolları aranır, acınacaqlı vəziyyətə laqeyd münasibətə görə dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar ittiham olunur.

    Milli Qəhrəman Mübariz İbrahimovun və “İgidliyə görə” medalı ilə təltif edilmiş şəhid baş leytenant Fərid Əhmədovun əziz xatirəsinə ithaf edilmiş “OdƏrlər” romanı isə vətənpərvərlik mövzusundadır və qəhrəmanlıq motivləri ilə zəngindir. Əsərin əsas ideya-məzmununu, nə qədər ziddiyyətli dünyagörüşə malik olsalar da, “hər şeydən öncə vətən, millət!” qayəsi ilə birləşən, ana yurdun işğal edilmiş tarixi ərazilərini düşmən tapdağından azad etməyə müqəddəs and içən igid döyüşçülərin ideya-mübarizələri təşkil edir.

    “Arslanın təklifi ilə dəstənin adını OdƏrlər qoymuşdular. Çünki o, bu ifadəni ilk dəfə “İdeal” romanında oxumuş və bəyənmişdi. “İdeal” romanında “Od” həqiqət, “Ər” isə işıq kimi təqdim edilmişdi. “Həqiqət İşıqları” anlamına gələn bu ad həm də onların məramını ifadə edən ən müəkəmməl  söz idi. Axı onlar da dünyada HƏQİQƏT İŞIĞININ parlamasını istəyir, bunun üçün onu yandırmağa gedirdilər” (“OdƏrlər”, səh. 90-91). – Yazıçı OdƏrləri  təmiz qanlılar, sağlam əqidələri, müqəddəs amalları, zəngin mənəvi-əxlaqi keyfiyyətləri, yüksək intellektual səviyyələri ilə seçilib fərqlənən Türk oğulları kimi təsvir edir.

    Eyni zamanda, diqqət yetirsək görərik ki, “OdƏrlər” ideya baxımından həm də “Ümidlərin izi ilə” romanının davamı təsirini bağışlayır. Əgər “Ümidlərin izi ilə” romanında  Xocalı soyqırımının və əsir həyatının dəhşətli mənzərələrinin təsviri vasitəsilə düşmənə nifrət, intiqam hissləri alovlandırılırsa, “OdƏrlər” romanında  artıq döyüş, qələbə məqamının yetişməsi, işğal edilmiş ərazilərimizin bir həmlə ilə azad ediləcəyi fikri, çağırışı vurğulanır, cəsur kəşfiyyatçı fədailərin qətiyyətli mübarizəsi, qələbə əzmi təsvir olunur. Buna müvafiq olaraq “Ümidlərin izi ilə” romanındakı müharibə qəhrəmanları − kimsəsiz, köməksiz əsir Aytəkinlər, Gülcahanlar “OdƏrlər”də arxasında dövlətin gücünü hiss edən, dövlət tapşırıqlarını yerinə yetirən mətin, yenilməz kəşfiyyatçı döyüşçülərlə  − Arslanlar, Altaylar, Elçinlər, Ərtoğrullar, Ayxanlarla əvəz edilir.

             Epik-romantik üslubda yazılmış bu əsər tarixi keçmişimizlə indimiz arasında körpü quraraq geniş həyat hadisələrini əhatə edir. Roman hissi-psixoloji və dramatik situasiyalarla zəngin kəskin süjet xəttinə malikdir, bununla belə, əhvalatların təsviri  yazıçının aktual problemlərlə bağlı tarixi-fəlsəfi mühakimələri və fantastik düşüncələri ilə müşayiət olunur, daha dəqiq desək, o bu istəyini yaratdığı Dədə Əfəndi obrazı, onun söhbətləri vasitəsilə gerçəkləşdirir. Müəllif, özünün də qeyd etdiyi kimi, öz millətinin canlı tarixini  və görmək istədiyi gələcəyini “ürəyinin səsinə qulaq asaraq” (oxu: vətəndaşlıq duyğularının diqtəsi ilə) və “yaradıcı təxəyyülünün, fantastik düşüncələrinin köməyi ilə” qələmə alır. Yaradıcılıq prosesində bu iki cəhətin birləşməsi, bir tərəfdən, ölkələr, millətlər, dinlər, təriqətlər, yürüdülən siyasətlər, beşguşəli ulduz və s. haqqqında zəngin məlumat verməyə, digər tərəfdən, Qarabağın işğalı ilə Azərbaycanda yaranmış vəziyyətə və bu vəziyyətdən xilas yolu axtarışlarına aydınlıq gətirməyə imkan verir.

          Müəllif oxucuya müraciətində qeyd edir ki, kitab üç hissədn ibarət olacaq. Artıq oxuculara təqdim etdiyi birinci kitabda əsərin baş qəhrəmanı Arslan Sultanbəyli Dədə Əfəndinin tövsiyyəsi ilə Türk millətinin tarixi ilə əlaqəli gizli mətləbləri üzə çıxarmaq üçün öncə Şuşaya yollanır, ikinci kitabda Ulu Şaman Məclisinin tapşırığı ilə Çinə, üçüncü kitabda isə Vatikana getməlidir. Lakin birinci kitabın əhvalat içində əhvalat şəklində yazılması, OdƏrlərin Şuşadakı Xəzinə qalasında gizlədilmiş qədim kitabı tapıb gətirmək və Xankəndində Azərbaycan bayrağı ucaltmaq əməliyyatları ilə daha da genişlənib polifonik məzmun daşıması çoxşaxəli süjet xəttinin növbəti kitablarda da davam etdiriləcəyindən xəbər verir.

    Birinci hissədə cərəyan edən hadisələr ucqar dağ kəndindən – nisbətən sakit bir mühitin təsviri ilə başlayıb həm tarixə qısa ekskurslarla, həm də reallıqla quramanın çuğlaşması fonunda  çoxşaxəli və mürəkkəb xarakter  alır. Əsərin əvvəlində nalbənd Dəmirçioğlunun dediyi “Bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igid bir eli qurtarar” sözləri Arslan Sultanbəylinin Lahıcdakı beşguşəli ulduzu xatırladan məkanda, əli məşəlli, üzübağlı beş adamla məxfi görüşü, onların kimliyinin və məramının açıqlanması ilə ideya-məqsədə aydınlıq gətirir:

    “Oturanlardan biri dedi:

    -         Qoroğlu, aramıza xoş gəldin!

    -         Siz kimsiniz? Mən hara xoş gəldim?

    -         Oğul, sən Ata ocağına gəlmisən, narahat olma! İştirakçısı olduğun bu

    ocağın tarixi çox qədimdir. Türk dünyasının və bəşəriyyətin qurtuluşu üçün çalışır, zaman-zaman böyük zərbələrə məruz qalaraq itirilmiş tarixlərin üzə çıxarılması üçün mübarizə aparır. Min illərdir ki, Yaradanın və yaradılışın sirləri şər qüvvələrin əlinə keçmək təhlükəsindədir. Seçilmişlərdən ibarət olan bu təşkilatın işi onlarla mübarizə aparmaq, Tanrının yaratdığı milləti saflaşdırmaqdır”  (səh. 24).

    Dəmirçioğlunun izahatından belə məlum olur ki, bu təşkilat müstəqil fəaliyyət göstərsə də, hər zaman dövlətin yanındadır. Türk cümhuriyyətlərində qolları var. Bütün türk ölkələrində olduğu kimi, Azərbaycanda da beş mərhələdən ibarətdir bu ocaqlar. Hər beş nəfər şəxs onun üstündəki beş nəfərlik digər qrupa daxildir. Beşinci ocaqda fəaliyyət göstərən şəxsləri yalnız beşinci ünsür tanıyır. Ulu Şaman Məclisinin bütün qərarlarını beşinci ünsür təqdim edir. Təşkilat ümumilikdə türk dünyasının, o cümlədən Azərbaycanın xarici kəşfiyyatını qurur. Xaricdən Azərbaycana qarşı edilən təzyiqləri zərərsizləşdirir. Ulu Şaman Məclisinin beşinci ünsürü isə türk xalqlarının beşinci ünsürləri ilə hər il bir qurultay keçirirlər. Sonra da alınan qərarları yerlərə, yəni hər ölkənin beşinci məclisinə çatdırırlar.

    Arslanı, özünün də xəbəri olmadan çətin sınaqlardan keçirəndən sonra bu məclisə dəvət etməkdə məqsəd onu seçilmişlərdən biri elan etməkdir. Amma Arslan təşkilatın ideologiyasını daha dərindən öyrənmək üçün Dədə Əfəndinin söhbətlərinə qulaq asmalıdır. Əgər deyilənləri qəbul etməsə və təşkilatı haqsız hesab etsə, məclisə girməmiş uzaqlaşa bilər. Yox, əgər təşkilata qoşulub fəaliyyətini yarımçıq qoysa və məclisdən uzaqlaşmaq istəsə, onda yanan bir ocaq kimi birdəfəlik söndürüləcək. Qəlbində Vətən sevgisi alovlanan gənc Arslan bu ağır şərti qəbul edir və “Qoroğlu” kodu ilə təşkilata üzv yazılır.

           Əsərdəki digər əsas obrazların, yer, təşkilat adlarının  seçilməsi də müəllifin ideya-məqsədinə xidmət edir: Ulu Şaman Məclisi və onun seçilmiş üzvləri (dünyagörmüş  qoca nalbənd Dəmirçioğlu, Lahıclı Ata kişi, MTN-nin generalı Atilla Babayev, həbçi, briqada komandiri polkovnik-leytenant Kamandar Heydərov, sınaqlardan çıxmış cəsur vətənpərvərləri seçib onları təşkilatın ideologiyası ilə silahlandıran Dədə Əfəndi),  OdƏrlər (gizir Arslan Sultanbəyli, kapitan Altay Cavadov, gizir Elçin Alıyev, əsgər Ərtoğrul Hüseynov, əsgər Ayxan İsmayılov) və s.

    Dədə Əfəndi obrazı öz söhbətlərinin məğzi, mahiyyəti ilə mərhum yazıçımız

    İsa Muğannanı və onun SafAğ elmini xatırladır. Belə ki, ədibin son əsərlərində (“İdeal”, “Gur Ün”, “Qəbiristan”, “İsahəq-Musahəq”) irəli sürdüyü SafAğ elmi-bədii konsepsiyasına görə bəşəriyyət təhrif içindədir, öz elmini, dinini və dilini unudub, o cümlədən Türk də bir çox gerçəkdən uzaqlaşıb, öz mənşəyini unudub və yazıçı öz missiyasını bu təhrifləri açmaqda görür. Dədə Əfəndinin söhbətləri  də əsərdə  “ideologiya”, elm” kimi qələmə verilir, “ruhu cilovlayıb idarə edən fikirləri”nin, sehrli cümlələri”nin bəşəri bir missiya daşıdığı göstərilir.

    İ.Muğanna izah edir ki,Türkün mənşəyi birbaşa Tanrı və işıqla – Od və ƏLAğla bağlıdır. Bütün dünya işıqdan yaranan türkə, OdƏr övladına qoşulub ƏLAğa – Allaha doğru gedəcək. OdƏrə dönmək, Ün eşitmək üçün Elmə, Dinə və Dilə sahib olmaq lazımdır. Dədə Əfəndinin də ideya-mübarizəsinin kökündə eyni mətləb  – Türk millətini saflaşdırmaq, onu təhdid edən təhlükələrdən xilas etmək məqsədi dayanır. O deyir ki, Yaradan bütün sirlərini ilk insanlara – türklərə – OdƏrlərə vermişdi. Bəşəriyyətin uydurulmuş dinlərinə qədər dini də vardı, peyğəmbər sayılacaq insanı da. Bütün dillər bir dildən – OdƏr dilindən yaranıb. “Bax görürsənmi, nəyin davası gedir? Dilin. Deməli, dil yaradılışın genetik daşıyıcısıdır… Bütün kodlar, sirlər hamısı dildə yaşayır. Əgər kimsə dilini unudursa, təfəkkürü manqurtlaşır… Bu siyasəti yürüdənlərin məqsədi odur ki, sən dilini unudasan, özünü unudasan”. (səh. 58) – deyən Dədə Əfəndinin tövsiyyəsi ilə Ulu Şaman Məclisinin axtardığı kitab həmin təhrifləri aradan qaldırmağa kömək edəcək. Məxfi tapşırıqla Şuşaya göndərilən Arslan məhz qədim OdƏr dilində – Bilgə Kağanın, Atillanın, Oğuz xanın dilində – yazılmış kitabı tapıb gətirməlidir – əsil  həqiqətlər o kitabdadır.

    “Əzizim, bu həqiqətlər OdƏr xalqının (qədim türklərin) Ağ – SafAğ elmindəndir. Türklər SafAğ elminə OdƏr mədəniyyəti deyirlər və bu elmi gizlin yaşadırlar. SafAğ elminin təhrif adı Sufidir. Bu təhrif farslardan gəlir. Nəsimi yazır: “Dövr Ağın, dövran Ağın dövranıdır. SafAğ elmini Azərbaycan aşıqları yaşadırlar. “Divani” və “Hürufani” (təhrifdə “hürufi”). Aşıq Ələsgər deyir: “Beş gözəlin aşiqiyəm”. “Beş gözəl” deyəndə o, Bağ Atanı və onun dörd oğlunu nəzərdə tutur. “Beş” rəqəminin müqəddəsliyi Bağ Ata ilə oğullarının rəmzi işarəsidir.” (səh. 88-89)

             İsa Muğanna son əsərləri ilə SafAğ elmini OdƏr dilində dərk etməyə çağırırsa, (İ.Muğanna konsepsiyasına görə təhrif olunmuş adların bərpası millətin  qurtuluşunun əsasıdır) və bu, oxucudan səbr və intellektuallıq tələb etmək kimi müşküllər törədirsə,  Şəmil Sadiq müasirimiz Dədə Əfəndinin daha anlaqlı söhbətləri vasitəsilə bu işi bir qədər asanlaşdırmağa, mübahisəli məqamlara OdƏrlərin uzun yol söhbətlərində – dialoqlarında, mübahisələrində aydınlıq gətirməyə çalışır. Yazıçı Dədə Əfəndini OdƏr dilinin yeganə bilicisi, açılmamış sirli sözlərin köməyi ilə dünyanın, yaradılışın sirrini araşdırmağa çalışan müdrik qoca kimi təsvir edir. Bu da elə  birbaşa İsa Muğannaya işarədir. “Gözlərinin içinə diqqətlə baxan olsa idi, sanki dünyanın yaradıldığı günü görərdi. Tarixin lap qədim çağlarını özündə gəzdirən bu kişi OdƏrlərin ağsaqqalı idi. Dədə Qorqudun qoyub getdiklərini, tövsiyələrini əsrlərdən bu günə daşıyan əsil ruh adamı idi. Hərəkətlərində bir ağırlıq vardı. Sinəsində əbədiyyət rəmzi olan naxış vardı. Bu qədim türk naxışı ölümsüzlüyü əks etdirirdi özündə. Cismani ölümsüzlüyü yox, ruhun, bilginin, ilahi nurun ölümsüzlüyünə işarə idi”. (səh. 321)

             Beləliklə, biz deyə bilərik ki, əgər ““Məşhər”dəki Nəsimi İsa Muğannanın özü idisə, İsa Muğanna neohürifiliyi Nəsimi hurifiliyndən başlayırdısa” (Rüstəm Kamal), Şəmil Sadiqin “OdƏrlər”indəki Dədə Əfəndi İsa Muğannanın prototipidir, ədəbiyyatımıza gətirilmiş ilk bədii obrazıdır; “OdƏrlər” İsa Muğanna bədii-fəlsəfi görüşlərini dərk etməyə kömək edən bir əsər kimi də əhəmiyyətlidir; ümumilikdə isə “OdƏrlər”i ideya-məzmun etibarilə yazıçı-vətəndaş Şəmil Sadiqin bütün türk dünyasını (o cümlədən Azərbaycan xalqını) təhdid edən təhlükələrdən xilas konsepsiyası kimi də dəyərləndirmək olar – xəyalpərvərliklə reallıq duyumundan yoğrulmuş fəlsəfi konsepsiya. Yazıçı bu əsərində həm də sözün geniş və dərin mənasında filosofdur.

    Biz “OdƏrlər”i oxuyarkən yazıçının süjet boyu öz yaradıcı təxəyyülünə, fantaziyasına, intutiv duyum hissinə güvənib daha da dərinliklərə enməklə türkün ən gizli və çağdaş tarixi, Qarabağın azadlığı uğrunda mübarizəmizin görünməyən tərəfləri və gözlənən nəticələri barədə bilgi vermək səylərinin səngimədiyini görürük. Romanda qlobal yürüş və milli amil üzləşməsi önə çəkilir ki, bu da təsadüfi deyil: müəllifin bədii mühakiməsinə görə indi qloballaşma adı altında baş verən proseslər əslində dünyanın yenidən bölüşdürülməsi siyasətinin davamıdır, yenə də türk dillərinin, türk siyasi iradəsinin, türk iqtisadi marağının sıxışdırılması ilə müşayiət olunur, yəni türk millətlərini, dövlətlərini təhdid edən təhlükələr daha çox dünyəvi xarakter daşıyır, Azərbaycan xalqı da, hər bir cəhətdən azad olmaq (o cümlədən Qarabağı azad etmək!) və öz taleyini seçmək istəyində israrlı olsa da, dünyəvi proseslər və problemlər hələ ki buna imkan vermir. Yazıçı dərkinə görə bu hal qloballaşma və milli amil problemini nəinki iqtisadi, siyasi, həm də mənəvi, psixoloji aspektləri ehtiva edən bədii araşdırma tələb edir və o özü elə bu işlə məşğuldur,  oxucusuna xalq həyatına ciddi təsir edən hadisə və proseslərə daha köklü və əhatəli yanaşmağın vacibliyini izah etməyə çalışır, zaman-zaman adını dəyişən, əslində isə türk xalqlarına qarşı qərəzli mahiyyətini dəyişməyən siyasi və hərbi yürüşlərə qarşı mübarizədə daha sayıq, daha dözümlü, daha inamlı olmağa ruhlandırır.

            Ümumiyyətlə, gələcəyə sayıq, praqmatik və nikbin baxış meyli Şəmil Sadiq yaradıcılığının özünəxas keyfiyyətlərindəndir. “OdƏrlər” də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adının və şücaətinin tez-tez xatırlanması, daha dəqiq desək, OdƏrlərin onu öz amalları uğrunda mübarizəyə ruhlandıran qəhrəmanlıq simvoluna çevirməsi, türk xalqlarının tarixi haqqındakı qədim kitabın Xəzinə qalası mağarasından tapılıb Bakıya gətirilməsi, üçrəngli Azərbaycan bayrağının Xankəndinə sancılaraq qondarma dövlət binasının başı üzərində dalğalanması bu özəllikdən xəbər verir. Əsərdə ağrılı tale yaşantıları, insan faciələri bir-birini izləsə də, dünya kədəri, pərişan fəlsəfi ovqat nə qədər dərin olsa da, vətən sevgisinin, ana yurda bağlı ruhun qələbəsinə, təntənəsinə inam daha qüvvətli təsir bağışlayır və bu keyfiyyət romana canlı həyat təravəti gətirir.

                                                             ***

    Əsərdə maraqlı şəkildə inkişaf etdirilən kəskin konflikt əks cəbhələrə mənsub olanların – təcavüz edənlə, təcavüzkara qarşı ölüm-dirim mübarizəsi aparanların mənəvi simalarını aydın təsəvvür etməyə imkan yaradır. Kəşfiyyat zamanı erməni yaraqlıları ilə qarşılaşma, qeyri-bərabər güclərin döyüş səhnələri, “Təki Vətən yaşasın!” amalı ilə göstərilən fədakarlıq real, inandırıcı cizgilərlə, eyni zamanda romantik bir pafosla təsvir edilir.

    “Məhəmməd seçilmiş rənglərin vəhdətini özündə əks etdirən bayrağı komandirin sinəsindən götürdü: ondan komandirin, Vətənin, millətin, qələbənin qoxusunu alırmış kimi dərindən nəfəs alıb, havanı acgözlüklə ciyərlərinə çəkdi. Vətənsevənləri məst etməyi bacaran bu ətir qələbə ətrini ruhuna hopdurmuş komandirdən çökmüşdü bayrağa. Qoxuladıqca buz bulaqlı, yaşıl meşəli, başı qarlı dağların havasından daha xoş gəlirdi Məhəmmədə… Qələbə ətrini yaradanlar, onu hamıdan öncə duyanlardır… onlar bu ətrin qoxusunu hiss etməyi, duymağı bacarmasalar, hazırlaya və ətrafa yaya bilməzlər…  Yaşasın qələbə ətrini zəfərdən öncə duyanlar!” (səh. 195-196).

    Qeyd etməliyik ki, bir çox görkəmli sənətkarlarımız və tənqidçi- ədəbiyyatşünaslarımız ədəbiyyatda romantizmi qətiyyətlə müdafiə etmişlər. Məsələn, Səməd Vurğunun fikrincə romantika realizmi məişətçilikdən, naturalizmdən qoruyan vasitələrdən biridir.  Məmməd Arif romantikadan bəhs edərkən belə bir nəticəyə gəlirdi ki, bədii yaradıcılıqda romantika, hadisə və insan surətlərini romantikləşdirmə heç də realizmə, həyatı olduğu kimi düzgün əks etdirmə prinsipinə zidd deyildir, əksinə, müsbət idealın təsdiqi və müsbət qəhrəman tipi yaradılması işində vacib və zəruridir; romantikaya biganəlik, lazım və zəruri olduğu yerdə ondan faydalanmamaq realizmi fotoqrafçılığa və bədii idrak fəlsəfəsini empirizmə yaxınlaşdıra bilər; yazıçı romantikadan istifadə edərək “öz gözəl xəyalları ilə real həyatı qabaqlamağa can atır”. Bu nöqteyi-nəzərdən Şəmil Sadiq yaradıcılığındakı romantika müsbət idealı bütün əzəməti ilə canlandırmaq mahiyyəti daşıyır, öz içindən də gələn xalq arzu-istəklərinin gerçəkləşdirilməsinə  − gələcəyə yönəlir.

    “O, bu cür ölümü – bayrağa bükülərək ölməyi çox arzulamış və bunu Allahdan çox diləmişdi… Ovcunun içində sıxdığı bayrağın göy rəngi qana boyanmamışdı. O, son dəfə güc tapıb yumruğunu möhkəmcə sıxdı. Sanki göy rəngin timsalında bütün yaradılışı, bəşəriyyəti qorumağa çalışırdı. Bir də son kərə bayrağı öpmək istədi, amma əli qalxmadı. Ruhu artıq cismimi tərk edirdi… Sanki Tanrı buna dözmədi. Azacıq bir meh əsdi. Bayrağın ucu onun dodaqlarına toxundu. … Öpdü, məst oldu, ruhu da bu öpüşlərə qərq olaraq… üçrəngli bayrağa sarıldı və ənginliklərə uçdu…” (səh. 254-255).

    Bu və ya bu kimi təsvirlərdən də görünür ki, Şəmil Sadiq romantikası həm qəhrəmanı – ideya daşıyıcısını qanaqlandırmaq, onun mənəvi aləminin və xəyalının zənginliyini əks etdirmək, həm də qəhrəmanın uğrunda mübarizə apardığı ideyanın özünü layiq olduğu ucalıqda tərənnüm etmək, həmin ideya uğrunda mübarizəyə səsləmək keyfiyyəti ilə faydalıdır. Onu da nəzərə almalıyıq ki, azadlıq hərəkatının (istər istiqlal, istərsə də torpaq uğrunda) qüvvətləndiyi bütün dövrlərdə belə olub: ədəbi yaradıcılıqda mütərəqqi romantizm boy verib və hər dəfə də milli ədəbiyyatımız yeni müsbət keyfiyyətlərlə zənginləşib.

    Şəmil Sadiqin fərdi yaradıcılıq xüsusiyyətlərindən bəhs edərkən belə bir keyfiyyəti də qeyd etmək vacibdir: yazıçının dili (istər hekayələrində, istərsə də romanlarında) sadə və aydın, dialoqları canlı və təbiidir. Kifayət qədər ağır bir mövzuda yazılmış “OdƏrlər” romanından bir parçaya diqqət yetirək:

    “ – Yaxşı, danış. Qulaq asıram. Mən də danışacağam. Əminin arvadından

    heç danışmırsan, o necə oldu? İndi necədir?

    -         Rəhmətə gedib keçən il.

    -         Allah rəhmət eləsin! Nəsə xəstəliyi var idi?

    -         Yox. Amma əri və iki oğlu müharibədə şəhid olmuşdu. Ondan sonra ar-

    vadın heç üzü gülmədi. Hərdən oturub öz-özünə elə ağlayırdı. Onda mən uşaq idim. Qaçıb anama deyirdim ki, bibinin əlinə tikan batıb, ağlayır. Hərdən də deyirdi ki, gözümə milçək girib. Böyüyəndə onu başa düşdüm. Ağlım kəsəndə bir dəfə mənimlə dərdləşdi. Onun gözlərindəki kədər günəşin qürub etdiyi təlatümlü görüntünü xatırladırdı. Əzab-əziyyət, elə bil, ona doğma idi. Bir dəfə ona kömək edib dananı tövləyə salandan sonra arvad daşın üstünə oturub məni də yanında əyləşdirdi. Başımı sığalladı. Dedi: – Kişi balam! Bax mən sənin kimi kişi istəyirəm. Hərdən kişilərimin yoxluğundan şikayət edəndə camaat deyir ki, bu arvadın ürəyi kişi istəyir. Day demirlər ki, torpaq da kişi istəyir, bağ da kişi istəyir, balta da kişi istəyir, odun da kişi istəyir, bazarlıq da, inəyi dartmaq da  kişi istəyir… O danışdıqca üzünə baxırdım, qulaq asırdım və onun gözlərində həqiqətən də, əzabın ən son həddini görürdüm” (səh. 145).

    Bütün bunlarla yanaşı,  “OdƏrlər” əsəri mübahisəli məqamlardan da xali deyil və bu məqamlar tarixi keçmişimizlə və Ulu Şaman Məclisinin fəaliyyəti ilə bağlı yazıçı mühakiməsində, millətlər, dinlər, təriqətlər barədəki fəlsəfi baxışlarda meydana çıxır. Lakin inanırıq ki, oxucu hətta “uydurulan aləmdə hər birimizin arzuladığı gerçək var” (Elçin Əlibəyli), “atəşkəsdən sonra illərlə gözlədiyimiz əsl dönüş məqamına – döyüşə, qəhrəmanlığa, qələbəyə səsləmək” (Müşfiq XAN)  əhval-ruhiyyəsi, “türk milli kimliyini kökündən anlada bilmək” (Yusif Ali Afşar) gücü, “Diqqətlə düşün, varlığını dərk et, kim olduğunu unutma…” (Elxan Nəcəfov) çağırışı və s. kimi dəyərlərini nəzərə alıb aydın təfəkkür işığında yazılması qənaətinə gələcəkdir. Cəlil Cavanşirin qeyd etdiyi kimi, “romanın özəlliyi ondadır ki, oxucu bu kitabı oxuyarkən öz gücünə, tarixinə, gələcəyinə inanır və fantastik süjetin fonunda real addımlar haqqında düşünməyə başlayır, odur ki, o özünü fantastik filmlərin qəhrəmanı kimi yox, əsərin ana xəttini təşkil edən yurd ağrısını hiss edəcək, qələbəyə aparan yola bələdçilik missiyasını dərk edəcək”.

    Hesab edirik ki, Şəmil Sadiqin fərdi yaradıcılıq xüsusiyyətləri barədə, eləcə də “OdƏrlər” romanı haqqında  başqa və fərqli mülahizələr də səslənə bilər. Yazıçının özü də ideya-estetik mövqeyinə, üslubuna haqq qazandırmağa çalışmır, əksinə, oxucu və tənqidçi rəylərinin kitabın növbəti hissələrinin yazılmasında faydalı olacağını vurğulayır. Ancaq əminik ki, hər kəs razılaşacaq ki, Şəmil Sadiq realist yazıçıdır. Onun realizmi təsvir edilən hadisələrin mahiyyətinə, yaratdığı surətlərin xarakterinə və ideya mübarizəsinə müvafiq olaraq gah romantik, gah fantastik, gah da dedektiv üslubla çuğlaşır, yəni yazıçının azad təxəyüllü ona zamanların, obrazların əlaqəsini yaratmaqda, mühakimələrində tam sərbəstlik verir o, bir yaradıcı kimi üsul, metod seçimində qətiyyən ehtiyat etmir,  qızırqalanmır və nəticə etibarilə öz oxucusunu təsvir etdiyi mühitə, şəraitə köçürə, öz qəhrəmanlarının taleyi ilə yaxından maraqlandıra, onların tale yaşantısındakı daha mühüm hesab etdiyi məqamları  seçib dərindən, təfərrüatı ilə canlandıra bilir. Odur ki, biz də Dədə Əfəndinin söhbətləri üzərində düşünməyə, ana Vətən uğrunda zəfər yürüşünə səsləyən OdƏrləri sevməyə, özümüzü onların sırasında görməyi arzulamaya bilmədik. Yazıçının başlıca uğuru, nailiyyəti də bundadır.

    Yazını paylaş...FacebookTwitterGoogle+
    Şərh yazın →

Şərh yaz

Ləğv et
Yazını paylaş...FacebookTwitterGoogle+