
V Fənlərin Dostluğu Olimpiadasında (FDO-5) yüksək nəticə göstərən şagirdlərin mükafatlandırma mərasimi keçirilib
Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə 9 və 10-cu sinif şagirdləri arasında keçirilən V Fənlərin Dostluğu Olimpiadasında (FDO-5) yüksək nəticə göstərən şagirdlərin mükafatlandırma mərasimi keçirilib. Onlayn formada www.inteqrasiya.az saytında qeydiyyatdan keçən 956 şagirddən 800 nəfəri olimpiadada iştirak edib.
Təhsildə yeni məzmun və qiymətləndirmə standartlarında fənlərarası inteqrasiyaya xüsusi diqqət yetirilir. Bunu nəzərə alan HƏDƏF hazırlıq kurslarının təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan bu layihə artıq 5- ci ildir ki, keçirilir.
Layihənin ideya müəllifi f.ü.f.d, dosent Şəmil Sadiq olan Olimpiadanın keçirilməsində məqsəd fənlərarası əlaqəni, fənlərin bir-biri ilə bağlılığını şagirdlərə aşılamaq və bu inteqrasiyanın köməyindən istifadə edərək şagirdlərin istedadını müəyyənləşdirməkdir.
Ənənəvi olaraq hər il keçirilən bu olimpiada təhsil ictimaiyyəti və şagirdlərin böyük marağına səbəb olur. Olimpiadada iştirak edən şagird Azərbaycan dili fənni ilə inteqrasiya olunmuş fizika, kimya, riyaziyyat, biologiya və coğrafiya fənlərinə aid suallarla qarşılaşır. Sualları cavablandırmaq üçün isə şagird bir neçə fənni yaxşı bilməlidir. Layihə inteqrativ qiymətləndirmə yolu ilə şagirdlərin bütün fənlərə marağını artırmağı nəzərdə tutur.
14 dekabrda keçirilən Fənlərin Dostluğu Olimpiadasında Azərbaycanın bütün bölgələrindən olan şagirdlər iştirak edib və biliklərini sınayıblar. Olimpiadada Azərbaycan bölməsində təhsil alan 9-10-cu sinif şagirdləri 2 saat müddətində 50 sualı cavablandırıblar.
27 dekabr 2014-cü il tarixdə Olimpiadanın rəsmi bağlanış və mükafatlandirma mərasimi keçirilmişdir. Müsabiqədə yüksək nəticə göstərən ilk 100 yerin sahibləri qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.
Sumqayıt şəhər Texniki Elmlər Liseyinin 10-cu sinif şagirdi Elgün Cəfərov birinci, Sumqayıt şəhəri 11 saylı məktəbin 9-cu sinif şagirdi Mirismayıl İsmayılzadə isə ikinci yerə layiq görülmüşlər.
Üçüncü yeri 38 bal toplayarq iki şagird tutmuşdur. Bunlar Bakı şəhəri, Xətai rayonu 245 saylı orta məktəbin 10-cu sinif şagirdi Ləman Haqverdiyeva və Bakı şəhəri, Xətai rayonu 287 saylı Zəkalar liseyinin 9-cu sinif şagirdi Nərgiz İbrahimli olmuşdur.
Layihənin təşkilatçıları Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Hədəf Kursları, İstiqlal Tədris Mərkəzi, OYAL, Medika Hospital, Kitabevim.az, Soliton LTD, Həmrəy GMDİB və s. olmuşdur.
İnformasiya dəstəkçiləri: İctimai TV, OTV, Kanal13.TV, www.azpress.az, www.atvxeber.az
Xatırladaq ki, Olimpiadanın təsisçisi Hədəf Nəşrləridir.
Şərh yazın →