• Zərf oğru nitq hissəsidir

    Sifət artıq dözə bilmirdi. Hər gün içini yeyir, dərdi ilə dərdləşirdi. Məhkəmənin başlayacağını gözləyirdi. Məhkəmə başladı. Hakim ilk sözü elə iddiaçılardan Sifətə verdi:
    -Hörmətli hakim, mən tələb edirəm ki, zərf adı ilə var olmayan qondarma nitq hissəsi adını ləğv edəsiniz. Bir zamanlar sizin xahişinizlə belə bir nitq hissəsinin yaradılmasına razılıq da vermiş, hətta qanımdan, canımdan olan bəzi sözlərimi onun mülkiyyətinə vermişdim. Amma bu gün anası, atası bəlli olmayan məxluq əhli-əyalıma hücum edir, yoldan çıxardır. Mənim adım üstümdədir, əlamət və keyfiyyət bildirirəm. Nə dəxli var ki, bu əlamət və keyfiyyət əşyanın olsun, yoxsa hərəkətin. Yaxşı adam birləşməsində “yaxşı” sifət ola bilir, yaxşı danışmaq birləşməsində niyə olmasın. “”
    Hörmətli hakim, siz təsəvvür edin ki, artıq mənim elə sözüm qalmayıb fellə işlənə bilməsin. Hətta şayiələr yayılıb ki, bu nankor orda-burda deyir: -sənsiz, könülsüz tipli sözlər də zərfdir. (üzünü zərfə tərəf tutub qışqırır) Bu utanmazlıqdır, bu həyasızlıqdır, nə qədər ki, bu rəzalət dilçiliyi beynəlxalq elmlər məhkəməsinə aparmayıb qərarınızın ədalətli olmasını xahiş edirəm.
    Hakim: İddiaçı, siz məhkəməni hədələyə bilməzsiniz. Məhkəmə əlbəttə ki ədalətli olacaq. Sözü İsmə verirəm.
    İsim: Yoldaş Hakim, bilirsiniz mən nitq hissələri içərisində ən sakit, ən şəffaf, ən problemsiziyim. Kimsə ilə işim yox, kimsənin toyuğuna qış belə demərəm, kimsə də durub deməz ki, İsim mənə güldən ağır söz deyib. Amma mən çox narahatam, çünki legitimliyini heç zaman qəbul etmədiyim zərf daima yoluma çıxır, məni mübahisəyə sövq edir, qana sürükləyir. Mən sual verirəm: gündüz, gecə, axşam, sabah kimi zaman adı bildirən sözlərim zaman-zaman kömrüklərdə yoxlama zamanı niyə əziyyət çəksin, insanlar arasında dediqodu mənbəyi olsun. Mənə tərif vermişiniz, varlıqların adını bildirmək. Mən də sizin qərarınızla canlı, cansız, konkret və mücərrəd varlıqların adını bildirirəm. Mən xahiş edirəm, bundan sonra mənim zaman adı bildirən sözlərimi birmənalı olaraq özümə qaytarasınız.

    Zərf dözə bilmir ağlaya-ağlaya: yoldaş hakim, bizim millətin köhnə xasiyyətidir. Kimi zəif, kasıb, adamsız, day-daysız görürük onu əzməyə çalışırıq. Nə olsun ki, mənim adamım yoxdur. Atalarımızın bir sözü var:

    Məşədi, Kərbəlayı, mən hacıyam.
    Üçümüz bir ağacın meyvəsiyik.
    Nə oldu, siz şirinsiz, mən acıyam?

    Sifətə sözüm yoxdur, amma İsim bəy, səndən heç gözləməzdim. Cəmi-cümlətanı 4 sözünlə ortaq olduğumuza görə məni günahlandırırsan. Adama ayıb olar. Bura gəlmədən də mənə deyərdin o gülməşəkər sözlərini qapımdan içəri buraxmazdım. Axı sən bura gələndə heç düşündünmü, bayaq, dünən, indi sözləri nə edəcək, əgər mənim evim yıxılsa, onlara kim sahib olacaq, onları soyuqdan, qardan kim qoruyacaq, onlara kim qucaq açacaq. Hələ qəsdən, cəld, aşağı, geri, yuxarı tipli sözlərimi demirəm. Allah bilsin sizinlə. Ağlayır.

    Məhkəmə zalı bir anlıq susur, heç kimdən səs gəlmir. Morfologiya göz yaşlarını silib sözə başlamaq istəyəndə sifət qışqırır:
    sən özünü məzlum yerinə qoyma həyasız. Adama deyərlər xoruz yox idi, səhər açılmırdı? Bir zamanlar sən aramızda olmayanda Azərbaycan dili yox idi, yoxsa dilçilik. Mənim evim də böyük, qəlbimsə genişdir. Sən bir yer üzündən yox ol, onlara mən sahib çıxaram. İkinci hakim sözü Saya verir.
    Say: yoldaş hakim mən qısaca olaraq sifət və isim qardaşımızın dediklərinə haqq qazandırıram. Mən də onlar kimi hücuma məruz qalmış, sahib olduqlarıma həsrət qalmışam. Az, çox, xeyli, bir qədər kimi sözlərim doğmaca analarına belə inanmırlar. Gecələr yatanda da soruşurlar ki, ana niyə 1,2,3 bizi bic adlandırır. Bəziləri də deyir ki, siz yetimxanadan alıb ananız. mənim və ailəmin psixoloji durumunu nəzərə alıb ədalətli hökm verməyinizə əminəm. Allah sizdən razı olsun. Hakimlər öz aralarında nəsə danışdıqdan sonra sözü Köməkçi nitq hissəsinə verdi:
    Nəzərinizə çatdırım ki, mən öz ailə üzvlərim, qoşma, ədat, modal sözlər adından adından danışıram. Baxın qoşmadakı əvvəl, sonra, qabaq sözlərini gah zaman zərfi, gah da qoşma adlandırırlar. Mən demirəm ki, bunlar hökmən köməkçi nitq hissəsi olsun. Mən dilçilik elminin digər elmər içərisindəki nüfuzunu nəzərə alaraq sizdən xahiş edirəm qəti qərara gəlin və nəyə qərar versəniz mən icra edəcəyəm. Müəllimlər də yazıqdır. Təzəcə sözündəki ca-cə yə zaman zərfi, rusca sözündəki ca-cəyə tərzi-hərəkət zərfi, yaxşıca sözündəki ca-cəyə çoxaltma dərəcəsindəki sifət deyirlər. mən sadəcə qeyr-müəyyənliyin əleyhinəyəm. mənim əsas nitq hissələri ilə yaxşı münasibətlərim var. Qərar sizindir.
    İkinci hakim məhkəmənin bitdiyini elan edib, bir azdan məhkəmənin qərarını açıqlayacaqlarını dediyi zaman birdən qapı açılır, feli bağlama ilə, zərflik içəri girir:
    Feli bağlama: Durun, bəlkə də elm adına tarixi səhv qərar verəcəksiniz. Əgər siz zərfi məhv etsəniz, gərək ki, feli bağlamanı da ləğv edəsiniz, axı feli bağlamada həm zərfin, həm də felin xüsusiyyətlərinin olduğunu hamımız bilirik. Bunun üçün feli qarşınıza almanız lazımdır. Zərf yaradılması qərarını verənlər sözsüz ki, bunu düşünmüşlər.
    Zərflik: Bu nə biabırçılıq, bu nə özbaşınalıq. Demokratiya sözünü eşidən isim, sifət, say anarxiya yaradacaq, sizsə buna qulaq asacaqsınız. Bu bir məhkəmədə papulist çıxışla bitən məsələ deyil. Bunun üçün komissiya ayrılmalı, müzakirə edilməlidir. Bütün tərəfləri dinləməlisiniz. Heç kimə qulaq asmadan iqtidarda olduğunuzdan sui-istifadə edib səbəb zərfini çıxartdınız. Nə oldu, bəs səbəb zərfliyi necə olacaq, bəs feli bağlamada səbəb mənası bildirən sözlər necə olacaq? Ayıbdır.

    Hər kəs qarışır bir-birinə. Isim, sifət, Say zərfliyin haqsız olduğunu deyirlər.

    hakimlər isə məhkəmənin bir aydan sonra yenə çağırılacağını deyib gedirlər.

    Yazını paylaş...FacebookTwitterGoogle+
    Şərh yazın →

Şərh yaz

Ləğv et
Yazını paylaş...FacebookTwitterGoogle+